Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırması, hadisənin terror aktı kimi tövsif olunması və Azərbaycan ordusunun tam döyüş hazırlığına gətirilməsi, bütün bunlar dövlətin təhdidə adekvat və qətiyyətli cavab verdiyini göstərir. Lakin bu yazının məqsədi siyasi təhlil deyil. Məqsəd hadisəni hərbi-texniki müstəvidə dərindən araşdırmaq, kamikadze tipli PUA və ya “gəzən sursat”ların yaratdığı asimmetrik təhdid mühitini izah etmək və dünya hərb tarixinin son onillikdə topladığı əməli təcrübə kontekstində Naxçıvan hadisəsini obyektiv qiymətləndirməkdir.
I. “Araş-2” “gəzən sursatı” – Taktiki-Texniki Portret
Hər hansı hava hücumundan müdafiə əməliyyatını təhlil etməzdən əvvəl, əvvəlcə təhdid obyektinin özünü, yəni hücum vasitəsinin texniki xarakteristikalarını, tətbiq fəlsəfəsini və döyüş meydanındakı davranış alqoritmini anlamaq zəruridir. Qırıntıların ilkin ekspertizası və uçuş parametrlərinin analizi əsasında hücum aparatlarının İran istehsalı “Araş-2” tipli “gəzən sursat” olduğu ehtimal edilir. Bu aparat, klassik terminologiya ilə desək, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kamikadze tipli PUA-dır. Onun hərbi doktrinadakı yeri ənənəvi qanadlı raketlə kəşfiyyat tipli PUA arasındakı boşluğu dolduran hibrid silah sistemi kateqoriyasına aiddir.

PUA-nın uzunluğu təqribən dörd yarım metr, qanad açıqlığı isə dörd metr təşkil edir. Hərəkətverici qüvvə olaraq 50 at gücü gücündə porşenli mühərrik quraşdırılıb və bu, aparata saatda təxminən 185 kilometr sürət verir. İlk baxışda bu sürət müasir aviasiya standartlarına görə olduqca aşağı görünsə də, məhz bu xüsusiyyət aparatın taktiki üstünlüyünün təməlidir. Aşağı sürət aşağı istilik izi deməkdir, porşenli mühərrik turboreaktiv mühərriklərə nisbətən dəfələrlə zəif infraqırmızı şüalanma deməkdir, kiçik qabarit ölçüləri isə radiolokasiya stansiyaları üçün demək olar ki, görünməzlik deməkdir.
Döyüş başlığı 150 kiloqram təşkil edir, bu, mülki infrastruktura qarşı dağıdıcı təsir göstərmək üçün kifayət qədər böyük, lakin aparatın ümumi kütləsini uçuş üçün optimal səviyyədə saxlayacaq qədər balanslaşdırılmış göstəricidir. Elan edilmiş uçuş məsafəsi iki min kilometrə çatır ki, bu da onu strateji təsir radiusuna malik silah sisteminə çevirir. Lakin “Araş-2”nin əsas döyüş üstünlüyü nə sürətində, nə döyüş başlığında, nə də məsafəsindədir. Əsas üstünlük tətbiq üsuludur. Bu PUA-lar yer səthinə son dərəcə yaxın hərfən onlarla metr hündürlükdə uçmağa proqramlaşdırılır. Relyefin təbii girintilərini, dərələri, çay yataqlarını və dağ silsilələrini örtük kimi istifadə edərək radiolokasiya müşahidəsindən yayınırlar. Bu, pilotsuz aviasiya taktikasında “relyef izləmə” və ya “arazi maskalanması” adlanan üsuldur və müasir hava hücumundan müdafiə sistemlərinin ən çətin mübarizə apardığı uçuş profilidir.
II. Fizikanın Dəyişməz Qanunu: Radioüfüq və Onun Taktiki Nəticələri
İctimai müzakirələrdə tez-tez səslənən “niyə bütün hədəflər məhv edilmədi?” sualına cavab vermək üçün ilk növbədə hava hücumundan müdafiəsinin işləmə prinsipinin fiziki əsaslarını anlamaq lazımdır. Bu əsaslardan ən fundamentalı radioüfüq anlayışıdır.

Radiolokasiya stansiyası, texnoloji cəhətdən nə qədər mükəmməl olursa-olsun, elektromaqnit dalğalarının yayılma qanunauyğunluqlarına tabedir. Elektromaqnit dalğaları düz xətt üzrə yayılır, Yer kürəsinin səthi isə əyridir. Bu iki sadə fiziki həqiqətin birləşməsi qaçılmaz bir nəticə doğurur: hər hansı radiolokasiya stansiyasının müşahidə imkanı üfüq xətti ilə məhdudlaşır. İnsan gözü üfüqdən o tərəfi görə bilmədiyi kimi, radar da elektromaqnit mənasında üfüqdən arxadakı hədəfi aşkar edə bilmir.
Bu məhdudiyyətin riyazi ifadəsi olduqca sadədir: aşkarlama məsafəsi radarın antenasının yerləşmə hündürlüyündən və hədəfin uçuş hündürlüyündən asılıdır. Praktiki hesablamalar göstərir ki, 20 metr hündürlükdə quraşdırılmış radar 30 metr hündürlükdə uçan hədəfi yalnız təqribən 25-30 kilometr məsafədə aşkar edə bilir. Bu, ideal şəraitdə, yəni tamamilə düz, maneəsiz ərazidə olan göstəricidir.
Naxçıvanın coğrafiyası isə idealdan son dərəcə uzaqdır. Muxtar respublikanın ərazisi dağlıq və dağətəyi relyeflə xarakterizə olunur. Dərələr, silsilələr, yüksəkliklər və təbii çökəkliklər radiodalğaların yayılması üçün ciddi maneə yaradır. Radiolokasiya nəzəriyyəsində bu, “ölü zona” və ya “kölgə zonası” anlayışı ilə ifadə olunur: relyefin arxasında qalan, radarın elektromaqnit şüası ilə əhatə oluna bilməyən ərazilər. Dağlıq ərazidə bu zonaların sayı və sahəsi düzən əraziyə nisbətən qat-qat böyükdür.
İndi bu fiziki reallığı Naxçıvan hadisəsinə tətbiq edək. Hava limanı İran sərhəddindən cəmi on kilometr məsafədə yerləşir. “Araş-2” tipli PUA son dərəcə alçaq hündürlükdə, relyef silsilələri arxasında hərəkət edərək sərhədi keçir. Belə halda radarın hədəfi aşkar etdiyi an ilə hədəfin obyektə çatma anı arasında qalan vaxt saniyələrlə ölçülür. Saatda 185 kilometr sürətlə hərəkət edən aparat bir dəqiqədə təxminən 3 kilometr qət edir. Əgər radar hədəfi 10-12 kilometr məsafədə aşkar edirsə, hədəfin obyektə çatmasına cəmi 3-4 dəqiqə qalır. Əgər relyef maneəsi radarın aşkarlama məsafəsini 5-6 kilometrə endirirsə, bu müddət 2 dəqiqədən az olur. Bu 2 dəqiqə ərzində hava hücumundan müdafiə bölməsi hədəfi aşkar etməli, onu təsnifləşdirməli, yəni düşmən aparatını quşdan, meteoroloji anomaliyadan və ya digər yalançı hədəfdən fərqləndirməli, məhvetmə qərarı qəbul etməli, atəş vasitəsini hədəfə yönəltməli və raketin uçuş müddətini nəzərə almalıdır. Bu prosesin hər bir mərhələsi vaxt tələb edir, və fizika qanunları bu vaxtı artırmağa imkan vermir.
III. Radiolokasiya Sığınacağı: Kiçik Ölçü, Kompozit Quruluş və Effektiv Səpilmə Səthi
Radioüfüq probleminə əlavə olaraq, ikinci fundamental çətinlik hədəfin radiolokasiya imzası, yəni effektiv səpilmə səthi ilə bağlıdır.

Effektiv səpilmə səthi radardan gələn elektromaqnit dalğasını əks etdirən səthin sahəsini xarakterizə edir. Böyük hərbi təyyarənin effektiv səpilmə səthi onlarla kvadrat metr, qanadlı raketin bir neçə kvadrat metr, müasir döyüş təyyarəsinin isə xüsusi texnologiyalar sayəsində onda bir kvadrat metrə qədər azaldıla bilər. Kiçik ölçülü “gəzən sursat”ın effektiv səpilmə səthi isə yüzdə bir kvadrat metr səviyyəsindədir, bu, radarın ekranında quş sürüsündən və ya atmosfer küyündən praktiki olaraq fərqlənməyən göstəricidir.
“Araş-2”nin gövdəsi əsasən kompozit materiallardan, yəni karbon lifli və şüşə lifli birləşmələrdən hazırlanıb. Bu materiallar metaldan fərqli olaraq elektromaqnit dalğalarını zəif əks etdirir. PUA-da iri metal elementlər minimaldır: mühərrik bloku, bəzi struktur birləşdiriciləri və döyüş hissəsinin korpusu. Nəticədə radarın ekranında bu aparat həddən artıq zəif, qeyri-sabit bir nöqtə kimi görünür , əgər ümumiyyətlə görünürsə.
Bu problemi daha da mürəkkəbləşdirən amil var: yer örtüyündən əks olunan siqnallar. Radar, yerə yaxın uçan hədəfə şüa göndərdikdə, həmin şüanın bir hissəsi yer səthindən (ağaclardan, binalardan, təpələrdən) əks olunaraq geriyə qayıdır. Bu əks olunan siqnallar “yer əks-sədası” adlanır və alçaq hündürlükdə uçan kiçik hədəfin siqnalını tamamilə boğa bilər. Hərbi radiolokasiyada bu fenomen ilə mübarizə üçün müxtəlif süzgəcləmə alqoritmləri tətbiq olunsa da, heç biri yüz faiz nəticə vermir, xüsusilə bu, hədəfin sürəti yerüstü obyektlərin hərəkət sürətinə (küləkdə yellənən ağaclar, hərəkət edən avtomobillər) yaxın olduqda baş verir.
Beləliklə, hava hücumundan müdafiə sistemi eyni anda iki fundamental fiziki məhdudiyyətlə üz-üzədir: hədəf həm radioüfüqün arxasında gizlənir, həm də aşkar edildikdən sonra “yer əks-sədası”nın fonunda itir. Bu, müdafiə tərəfini son dərəcə qeyri-bərabər mövqeyə qoyur.
IV. Dünya Hərb Təcrübəsi: Heç Bir Büdcə Səmanı Tam Bağlaya Bilmir
Naxçıvan hadisəsini izolə olunmuş epizod kimi deyil, qlobal hərbi tendensiya kontekstində qiymətləndirmək zəruridir. Son onilliyin döyüş təcrübəsi birmənalı şəkildə göstərir ki, “gəzən sursat”lar dünyanın ən güclü ordularının hava hücumundan müdafiə sistemlərini keçməyə qadirdir.
Səudiyyə Ərəbistanı, 2019-cu il sentyabrın 14-ü: trilyon dollarlıq neft sənayesinə qarşı qəpiklik silah

“Abqayq” neft emalı kompleksi və “Xurays” neft yatağına PUA-lar və qanadlı raketlərlə həyata keçirilən kombinə edilmiş hücum müasir hərb tarixinin dönüş nöqtələrindən biri hesab olunur. Hücum nəticəsində Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı yarıbayarı, sutkada beş milyon yeddi yüz min barel azalmışdı ki, bu da qlobal neft hasilatı tarixində ən böyük birdəfəlik kəsilmə idi.
“Abqayq” kompleksinin müdafiəsi heç də zəif deyildi. Obyekt ətrafında hava hücumundan müdafiənin bir neçə təbəqəli sistemi yerləşdirilmişdi: ballistik raketlərə qarşı nəzərdə tutulmuş “Patriot” zenit raket kompleksləri, qısa mənzilli taktiki hava hücumundan müdafiə vasitələri (məsələn, “Oerlikon Skyguard” zenit topları) və fransız mənşəli “Shahine” (Crotale) zenit raket sistemləri. Buna baxmayaraq, heç bir sistem hücumu dəf edə bilmədi. Aşağı hündürlükdə, yavaş sürətlə hərəkət edən PUA-lar ballistik raketlərə qarşı optimallaşdırılmış komplekslərin məhvetmə zonasının altından keçdilər, yəni hərfi mənada sistemin “kor bucağı”ndan istifadə etdilər.
Hücumun iqtisadi asimmetriyası hərbi analitikləri sarsıtdı: hər bir hücum aparatının təxmini dəyəri 15 min dollar idi. Onların hədəf aldığı obyektin dəyəri isə on milyardlarla dollar ilə ölçülürdü. London Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun mütəxəssisləri bu hadisədən sonra açıq bəyan etdilər ki, xərc asimmetriyası kəskin şəkildə hücum edən tərəfin xeyrinədir və heç bir müdafiə büdcəsi bu asimmetriyanı tamamilə aradan qaldıra bilmir.
İsrail: çoxtəbəqəli eşelonlaşdırılmış müdafiənin hüdudları
İsrail dövləti hərbi-texniki potensialı baxımından, hava hücumundan müdafiə sahəsində dünyanın ən qabaqcıl ölkələrindən biridir. Çoxtəbəqəli müdafiə arxitekturası (qısaməsafəli, ortaməsafəli və uzunməsafəli önləyicilər, strateji ballistik raketlərə qarşı sistemlər) nəzəri cəhətdən hər növ hava təhdidini əhatə edir.

Buna baxmayaraq, son illərin döyüş statistikası pilotsuz aparatların bu müdafiəni müntəzəm olaraq aşdığını göstərir. Livan ərazisindən, Qəzza sektorundan və bilavasitə İran istiqamətindən göndərilmiş PUA-lar dəfələrlə İsrail ərazisinə nüfuz edib. İranın kütləvi raket-PUA hücumları zamanı ballistik raketlərin önləmə faizi olduqca yüksək olsa da, PUA komponentinin zərərsizləşdirilməsi qat-qat çətin olub. İsrail hərbi ekspertləri bunu açıq etiraf edirlər: kiçik ölçülü PUA-lara qarşı mübarizə ballistik raketlərin və ya pilotlu təyyarələrin qarşısının alınmasından prinsipcə fərqli bir çağırışdır və bu problemin universal həlli hələ mövcud deyil.
Rusiya-Ukrayna müharibəsi: “gəzən sursat” müharibəsinin ən böyük laboratoriyası
2022-ci ildən bəri davam edən münaqişə PUA tətbiqi və ona qarşı mübarizə sahəsində bəşəriyyət tarixinin ən zəngin təcrübə bazasını yaradıb. Ukrayna qərb müttəfiqlərindən müasir hava hücumundan müdafiə sistemlərinin geniş çeşidini alıb. Bu sistemlərin idarə olunması üçün Ukrayna hərbçiləri intensiv təlim keçib, döyüş şəraitində qeyri-standart tətbiq üsulları işləyib hazırlayıb və PUA-lara qarşı mübarizənin unikal doktrinasını formalaşdırıb.

Nəticələr həqiqətən təsiredicidir: İran istehsalı pilotsuz aparatların kütləvi dalğaları zamanı önləmə faizi 70, 80, bəzən 90-nı aşan göstəricilərə çatır. Lakin (və bu həlledici “lakin”dir) 100 faizlik önləmə heç vaxt baş vermir. Hər kütləvi hücumda müəyyən sayda PUA müdafiədən keçir. Bu, radiolokasiya örtüyündəki boşluqlardan, mürəkkəb relyef sahələrindən, hədəf sayının zenit vasitələrinin imkanlarını aşdığı anlardan qaynaqlanır.
Unutmamaq lazımdır ki, söhbət 4 ildən artıq müddətdir intensiv müharibə aparan, PUA-lara qarşı mübarizə sistemini dünya praktikasında görünməmiş səviyyəyə çatdırmış ölkədən gedir. Əgər bu səviyyədə təcrübəyə və texniki təchizata malik dövlət belə mütləq önləmə təmin edə bilmirsə, bu, sistemin zəifliyindən deyil, fizikanın və riyaziyyatın obyektiv məhdudiyyətlərindən irəli gəlir.
V. Asimmetrik Müharibənin İqtisadi Riyaziyyatı
Naxçıvan hadisəsi kontekstində nəzərdən qaçırılmamalı olan başqa bir aspekt mövcuddur: “gəzən sursat”ların yaratdığı iqtisadi asimmetriya.

Bir ədəd “Araş-2” tipli aparatın istehsal dəyəri, müxtəlif mənbələrin qiymətləndirmələrinə görə, 20 min ilə 50 min dollar arasındadır. Buna qarşı, onu məhv etmək üçün istifadə olunan idarəolunan raketin qiyməti sistemin tipindən asılı olaraq, yüz minlərlə, bəzən isə milyonlarla dollar təşkil edir. Bu, hücum edən tərəfə kəskin iqtisadi üstünlük verir: hər uğurlu önləmə müdafiə olunan tərəfə PUA-nın dəyərinin on, iyirmi, bəzən yüz qatına başa gəlir.
Bu iqtisadi reallıq strateji nəticə doğurur: müdafiə olunan tərəf uzunmüddətli perspektivdə sırf raket əsaslı önləmə yanaşması ilə iqtisadi cəhətdən davam gətirə bilmir. Məhz buna görə dünya ordularında alternativ vasitələrə, radioelektron müharibə sistemlərinə, yönləndirilmiş enerji silahlarına, lazer əsaslı önləmə qurğularına və kinetik silah sistemlərinə intensiv maraq artmaqdadır. Lakin bu texnologiyaların əksəriyyəti hələ sınaq mərhələsindədir və ya kütləvi yerləşdirmə üçün hazır deyil.
VI. Naxçıvan Hadisəsinin Taktiki Anatomiyası: Zaman, Məsafə və Relyef
İndi yuxarıda izah olunan bütün nəzəri çərçivəni konkret hadisəyə tətbiq edək. Naxçıvan hava limanı İran sərhəddindən təxminən on kilometr məsafədə yerləşir. Bu, hava hücumundan müdafiə nöqteyi-nəzərindən son dərəcə qısa məsafədir. Saatda 185 kilometr sürətlə hərəkət edən aparat bu məsafəni təxminən 3 dəqiqəyə qət edir, lakin bu, PUA-nın aşkar edildiyi andan hesablanan vaxt deyil. PUA radioüfüqün arxasından, relyef maneələrinin kölgəsindən çıxdıqdan sonra, yəni faktiki aşkarlama anından sonra obyektə qalan məsafə 10 kilometrdən xeyli az ola bilər. Həqiqi reaksiya vaxtı 1-2 dəqiqə, bəlkə də onlarla saniyə ilə məhdudlaşa bilər.

Naxçıvanın dağlıq relyefi bu problemi daha da kəskinləşdirir. İran sərhədi boyunca uzanan dağ silsilələri və dərələr PUA üçün təbii örtük rolunu oynayır. PUA dərə boyunca, dağ yamaclarının arxasında hərəkət edərək radiolokasiya müşahidəsindən yayına bilər və yalnız son mərhələdə (hədəfə yaxınlaşarkən) açıq əraziyə çıxar. Bu halda müdafiə sistemi üçün qalan vaxt fiziki olaraq kifayət etməyə bilər.
Dörd PUA-dan birinin Azərbaycan ordusunun bölmələri tərəfindən zərərsizləşdirilməsi bu şəraitdə ciddi nailiyyət hesab olunmalıdır. 25 faiz önləmə nisbəti, ilk baxışda aşağı görünsə də, on kilometrlik məsafə, dağlıq relyef, sıfıra yaxın radiolokasiya imzası və saniyələrlə hesablanan reaksiya vaxtı nəzərə alındıqda, müdafiə bölmələrinin peşəkar hazırlığının və texniki vasitələrin operativ tətbiqinin göstəricisidir.
VII. Hücumun Xarakteri: Hərbi Hədəfləmə, yoxsa Dövlət Terrorizmi?
Hücumun hədəflərinin seçimi ayrıca təhlil tələb edir. Dörd aparatdan biri hava limanının terminal binasına, biri isə dərs prosesi davam edən orta məktəbə yönəldilib. Bu hədəflərin heç biri hərbi obyekt deyil. Hava limanı mülki infrastruktur, məktəb isə uşaqlarla dolu təhsil müəssisəsidir.

Hərbi nəzəriyyədə hədəf seçimi hücumun məqsədi barədə birmənalı məlumat verir. Əgər məqsəd hərbi üstünlük əldə etmək olsaydı, hədəflər hərbi bazalar, silah anbarları, rabitə qovşaqları və ya komandanlıq məntəqələri olardı. Mülki infrastrukturun, xüsusilə məktəbin hədəf seçilməsi ya psixoloji təsir yaratmaq, ya dövləti qorxutmaq, ya da əhali arasında panika səbəb olmaq məqsədi güdür. Bu, klassik terror taktikasının əlamətləridir.
Prezident İlham Əliyevin hadisəni terror aktı kimi tövsif etməsi hərbi-hüquqi baxımdan əsaslıdır. Beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokollar mülki əhaliyə və mülki obyektlərə qarşı qəsdən yönəlmiş hücumları birmənalı şəkildə qadağan edir. Məktəbin hədəf alınması müharibə cinayəti tərkibini daşıyır.
Tehranın hadisəyə aidiyyəti olmadığını bəyan etməsi, PUA-ların İran ərazisindən buraxılması, onların İran istehsalı olduğunun texniki sübutlarla təsdiqlənməsi fonunda diplomatik inandırıcılıqdan tamamilə məhrumdur.
VIII. Strateji Nəticələr və Gələcək Üçün Dərslər
Naxçıvan hadisəsi bir neçə
strateji nəticə ortaya qoyur:
Birincisi, “gəzən sursat”lara qarşı mübarizə yalnız klassik zenit raket sistemləri ilə həll oluna bilməz. Çoxtəbəqəli, çoxvasitəli müdafiə arxitekturası tələb olunur: erkən xəbərdarlıq radarları, elektro-optik müşahidə sistemləri, radioelektron mübarizə vasitələri, kinetik önləyicilər və gələcəkdə yönləndirilmiş enerji silahları. Bu vasitələrin hamısı vahid avtomatlaşdırılmış idarəetmə sisteminə inteqrasiya olunmalıdır ki, aşkarlama anından məhvetmə anına qədər olan vaxt minimuma endirilsin.
İkincisi, sərhəd yaxınlığındakı kritik obyektlərin müdafiəsi xüsusi yanaşma tələb edir. On kilometrlik məsafə klassik hava hücumundan müdafiə doktrinasının effektiv tətbiqi üçün kifayət qədər deyil. Bu cür obyektlər üçün daha yaxın məsafəli, daha sürətli reaksiyalı müdafiə vasitələri (son xətt müdafiə sistemləri) yerləşdirilməlidir.
Üçüncüsü, kəşfiyyat və erkən xəbərdarlıq qabiliyyəti həlledici əhəmiyyətə malikdir. Əgər PUA-nın buraxılma anı barədə məlumat əvvəlcədən əldə edilirsə, müdafiə sisteminin reaksiya vaxtı kəskin şəkildə artır. Texniki kəşfiyyat vasitələri, kosmik müşahidə, siqnal kəşfiyyatı və müttəfiqlərlə məlumat mübadiləsi bu sahədə kritik rol oynayır.
Dördüncüsü, hadisə Azərbaycanın hərbi-sənaye kompleksi üçün konkret istiqamət müəyyən edir: yerli istehsallı PUA-lara qarşı mübarizə vasitələrinin (həm raket əsaslı, həm radioelektron mübarizə əsaslı, həm də gələcəkdə lazer əsaslı) hazırlanması və istehsalı strateji prioritet olmalıdır.
IX. Yekun: Reallığı Olduğu Kimi Qəbul Etmək
Bəşəriyyət silahlanma tarixinin yeni mərhələsinə daxil olub. Ucuz, kütləvi istehsal olunan, texnoloji cəhətdən nisbətən sadə “gəzən sursat”lar döyüş meydanının mənzərəsini köklü şəkildə dəyişib. Bu aparatlar, öz qiyməti ilə müqayisəolunmaz dərəcədə bahalı müdafiə sistemlərini aşmağa, strateji əhəmiyyətli obyektləri vurmağa və dövlətlərin təhlükəsizlik arxitekturasını sarsıtmağa qadirdir.

Bu reallıq qarşısında hava hücumundan müdafiə sistemlərinin effektivliyini “tək bir PUA-nın keçib-keçməməsi” meyarı ilə ölçmək səthi və qeyri-peşəkar yanaşmadır. Dünyada PUA-lara qarşı 100 faiz müdafiə təmin edən sistem mövcud deyil, nə Səudiyyə Ərəbistanının milyardlarla dollarlıq arsenalında, nə İsrailin çoxtəbəqəli eşelonlaşdırılmış müdafiəsində, nə də 4 ildən artıq intensiv müharibə təcrübəsi olan Ukraynanın hava hücumundan müdafiə qüvvələrində.
Azərbaycan ordusunun dörd aparatdan birini son dərəcə məhdud vaxt və məsafə şəraitində, mürəkkəb relyefdə zərərsizləşdirməsi peşəkar nailiyyətdir. Dövlətin siyasi və hərbi reaksiyası (Təhlükəsizlik Şurasının fövqəladə iclası, ordunun tam döyüş hazırlığına gətirilməsi, hadisənin terror aktı kimi tövsif olunması) təhdidə adekvat cavabdır.
Lakin əsl cavab bundan sonrakı addımlarda olacaq. PUA təhdidi ilə mübarizə davamlı, çoxşaxəli və texnoloji cəhətdən intensiv prosesdir. Bu sahədə dayanmaq geridə qalmaq deməkdir. Naxçıvan hadisəsi Azərbaycan üçün acı, lakin dəyərli dərsdir və bu dərsin düzgün mənimsənilməsi gələcək təhlükəsizliyin təminatıdır.
Firuz Bağırov
Ordu.az